SOFAZ tower (ARDNF qülləsi) — Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən çoxmərtəbəli binadır. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yeni inzibati binası olan bu göydələn yüksək beynəlxalq standartlara uyğun olan ən son texnoloji yenilikləri və Azərbaycanın 9 xalçaçılıq məktəbinin elementlərini özündə ehtiva edən unikal layihədir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2009-cu il tarixli, 367s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yeni inzibati binasının tikilməsi məqsədilə Nizami rayonu 6-cı Köndələn küçəsi 2 ünvanında 0,64 hektar torpaq ərazisi Fondun balansına verilmişdir. Həmin gündə prezident İlham Əliyev onun bünövrəsinin təntənəli qoyulması mərasimində iştirak etmişdir.